Silsiləi-Sâdâtın iyirmi ikinci halqası olan Hacə Muhamməd Baqibillah (q.s) Həzrətlərinin ləqəbi Hacə Birəng olub 971-ci (M. 1563-cü) ildə Kabulda dünyaya gəldi. Atası Qazı Abdussalamdır. Anası Hz. Hüseynin nəslindən seyyidə, qənaətcil, dərvişlərə xidmət edən salehə bir xanımdır.
Mübarək halları
Muhamməd Baqibillah Həzrətləri ibadət və itaətə dair məsələlərdə çox böyük səy göstərərdi. Daim az yeyər, az yatar, az danışardılar. Hər gecə işa namazından sonra təhəccüd vaxtına qədər Quranı-Azimuşşanı xətm edər və daha sonra dan yeri ağarana qədər iyirmi bir dəfə Yasin Surəsini oxuyardı. Dan yerinin ağarmasından usanaraq: “Ya Rəbbi! Gecələr niyə belə tez keçir?”, – deyərdilər.
Yemək yemədə çox ehtiyatlı idi. Bir hədiyyə gəldiyi zaman onu sünnəti-səniyyəyə tabe olmaq üçün geri qaytarmaz, lakin xüsusi işlərinə də sərf etməzdilər. Yemək bişirənin dəstəmazlı olmasını, yemək bişirərkən dünya kəlamı danışılmamasını tapşırardılar. “Hüzur və ehtiyat sahibi olmayanın yeməklərindən bir tüstü çıxar ki, feyz qapısını bağlayar”, – buyurardılar. İşlərində əzimət və daha yaxşı olan ilə hərəkət edərdi. Şübhəlilərdən çəkindiyi kimi mübahların da çoxundan çəkinər, zərurət miqdarı işlərdi.
Vəfatı və qəbri-şərifləri
25 Rəbiulaxır 1012-ci (M. 1603) ildə qırx yaşında olarkən vəfat etdilər. Dehlidə Rəsulullahın (s.a.v) ayaq basdığı yer olaraq məşhur olan “Qədəmgah” deyilən məqama dəfn edildi.
Vəfat etdiyində ən sadiq tələbələri qəbrini qazdılar. Lakin nəşini daşıyarkən oraya deyil, qeyri-ixtiyari olaraq başqa bir yerə apardılar. Tabutunu yerə qoyduqlarında oranın Muhamməd Baqibillah Həzrətlərinin daha əvvəl gəldiyi bir yer olduğunu xatırladılar. O bu məkanı bəyənərək iki rükət namaz qılmış və paltarına bu yerin torpağı bulaşmışdı. Baqi-billah Həzrətləri də: “Bu yerin torpağı bizim paltarımızı tutdu”, – buyurmuşdu. Tələbələri onun bu sözünü xatırlayaraq qəbrini oraya qazdılar.