İmam Rəbbani Mücəddidi-Əlfi-Sani Əhməd Faruqi Sərhəndi (q.s)

Silsiləi-Sâdâtı Nəqşibəndiyyyəi-Aliyyənin iyirmi üçüncü halqası olan İmam Rəbbani (q.s) Həzrətləri 971-ci (M. 1564-cü) ildə Aşura günündə Hindistanın Sərhənd diyarında doğuldu. (Xâşi) sözü əbcəd hesabı ilə bu tarixi göstərir. Adı Əhməd, atasının adı Abduləhad, babasının adı Zeynəlabidindir. Ləqəbi Bədruddin, künyəsi Əbu’l-Bərəkatdır. Nəsli 28-ci batində Həzrəti Ömərə (r.a) çatır.

Muhamməd Baqibillah Həzrətləri ona “İmam Rəbbani” adını vermiş və daha çox “İmam Rəbbani” ismi ilə tanınır. Hicri ikinci min ilin mücəddidi (yeniləyicisi) olmasından ötrü “Mücəddidi-Əlfi-Sani” deyilmişdir ki, bu xüsusiyyətlə ilk dəfə Hindistan alimlərindən Abdulhakim Siyalkuti Həzrətləri vəsf etmişdir. İslami hökmləri və təsəvvüfü birləşdirməsindən ötrü də “birləşdirici” mənasında “Sıla” adı verilmişdir. Həzrəti Ömərin (r.a) nəslindən gəldiyi üçün “Faruqi” deyə yad edilmiş, Sərhənd şəhərindən olduğu üçün də oraya nisbətlə “Sərhəndi” deyilmişdir. Bütün bu xüsusiyyətləri ilə birlikdə adı İmam Rəbbani Mücəddidi-Əlfi-Sani Şeyx Əhmədi Faruqi Sərhəndidir. Hənəfi məzhəbindəndir.

Mübarək sözlərindən

“Qiyamətə qədər bizim silsiləmizə girəcəklərin hamısının adlarını Allahu Təala mənə bildirdi. Mənim bu nisbətim qiyamət gününə qədər övladlarım vasitəsilə davam edəcək. İmam Mehdi də bu şərəfli nisbət üzrə olacaq”.

“Bu təriqətə girib ədəblərinə riayət etməyən bidətlər meydana çıxaran…bu yolda çox şey itirər və ziyan çəkər”.

“Mənə belə bildirildi: Sənə verilən bu xüsusiyyətlərə və kamil xüsusiyyətlərə Mehdi Aləyhissəlam zamanına qədər səndən başqa kimsə nail ola bilməz”.

“Bir kimsə havada ucarsa və ya su üstündə gəzərsə, lakin müstəhəblərdən birini tərk edərsə, onun bu yolda zərrə qədər qiyməti yoxdur”.

İmam Rəbbani Həzrətlərinin Məktublarından

Xuşu içərisində namaz

“Möminin meracı olan namazı gözəl bir təharət və yaxşı bir dəstamazdan sonra qılmağa niyyət etməsi lazımdır.
Fərzləri camaatla qılmağa əhəmiyyət vermək, hətta iftitah təkbirini imamla birlikdə almağı heç tərk etməmək lazımdır. Həmçinin namazları müstəhəb vaxtında qılmaq və qiraətdə sünnə olan miqdara riayət etmək lazımdır.
Rüku və səcdədə tədili-ərkan: üzvlərin qərarlaşması şübhəsiz lazımdır… Qavmədə (rükudan qalxdıqdan sonrakı qiyamda) hər üzv yerinə dönüb qərar tutacaq şəkildə tam olaraq qalxıb düzəlmək, üzvlərin qərarlaşması və qavmədə olduğu kimi iki səcdə arasındakı oturuşda da tədili-ərkana riayət edilməsi lazımdır…
Rüku və səcdə təsbehlərinin ən azı üç, çoxu isə fərqli görüşlərə görə yeddi və ya on birdir. İmamın təsbehlərinin sayının camaatın halına görə olması lazımdır. Təkbaşına qılan insanın imkanı olduğu vaxt təsbehləri ən az mərtəbədə (yəni üç dəfə) oxumaqdan həya etməsi və beş və ya yeddi təsbeh oxunması lazımdır.
Səcdəyə gedərkən yerə ən yaxın olan üzv qoyulur. Əvvəlcə dizlər, sonra əllər, burun və sonra alın yerə qoyulur. Əlləri və dizləri yerə qoyarkən sağdan, səcdədən qalxarkən də səmaya ən yaxın üzvündən başlamaq lazımdır. O halda səcdədən qalxarkən əvvəl alnı qaldıraraq başlamaq lazımdır.
Qiyamda səcdə yerinə, rükuda ayaqların üstünə, səcdədə burnun ucuna, son oturuşda əllərə baxılmalıdır. Peyğəmbər Əfəndimizdən (s.a.v) rəvayət olunduğu kimi namaz qılan kimsə gözlərini bu yerlərə dikib baxışlarını başqa tərəflərə çevirməzsə, cəmiyyət ilə (xuşu və hüzur ilə) namaz qılmaq mümkün olar və bu namazda xuşu hasil olar.
Rükuda barmaqları açıq saxlamaq və səcdədə birləşdirmək sünnədir. Rükuda barmaqları açıb səcdədə bağlamanın bir çox faydaları olduğu üçün Rəsulullah Əfəndimiz (s.a.v) belə edilməsini əmr etmişdir. Bizim üçün Rəsulullah Əfəndimizə (s.a.v) tabe olmağa bərabər başqa heç bir fayda yoxdur…”.

Sayılı günləri yaxşı qiymətləndirmək lazımdır

“Ağıllı kimsənin etməsi lazım gələn şey həyatının sayılı günlərini Allahu Təalanın razı olacağı işlərə sərf etməkdir. Allahu Təala qulunun etdiklərindən razı olmazsa, bu, necə bir həyatdır?
Allahu Təala hər şeyi görür və bilir, hazır və nazirdir. Onun üçün Allahu Təaladan həya etmək lazımdır. Əgər bir kimsə işlədiyi ayıb və çirkin şeyləri başqalarının gördüyünü zənn etsə, əsla çirkin və ayıb şeyləri etməz, başqalarının da bunu görməsini qətiyyən istəməz.
Çox təəssüf ki, hazır və nazir olduğunu, bütün hər şeyi bildiyini bildikləri halda insanların bir çoxu Allahu Təaladan qorxmazlar, kədərlənməzlər və diqqət etməzlər. Bu, necə bir Müsəlmanlıqdır ki, onların yanında Allahu Təalanın bir adam qədər belə etibarı yoxdur. Nəfslərimizin şərlərindən və pis əməllərdən Allahü Təalaya sığınırıq.
“Lə̂ ilə̂hə illəllâh deyərək imanlarınızı yeniləyin” hədisi-şərifinin hökmünə görə hər an bu mübarək sözlərlə imanı yeniləmək lazımdır. Bütün günahlardan Allahu Təalaya tövbə etmək və Ona dönmək lazımdır. Çünki başqa vaxtda tövbəyə fürsət olacağını bilə bilməz. “Sonra edərəm deyənlər həlak oldu” sözü hədisi-şərifdir.
Fürsəti qənimət bilmək və Allahu Təalanın razı olacağı şəkildə qiymətləndirmək lazımdır.
Tövbəyə müvəffəq ola bilmək Allahu Təalanın yardımındandır.
Allahu Təaladan daim bu mənanı istəmək və şəriətdə yüksək mərtəbələrə çatan həqiqət aləminin dərvişlərinin himmətini istəmək, Allahu Təalanın yardımı gələnə qədər onların qapılarından yardım istəmək lazımdır…”.

Vəfatı və qəbri-şərifləri

İmam Rəbbani Həzrətləri 28 Səfər, 1034-cü (M. 1624) il tarixində 63 yaşında Sərhənddə vəfat etdilər. Qəbri-Şərifləri hazırda Hindistanın sərhədləri daxilində olan Pəncab əyalətinə bağlı Sərhənddədir.