Silsiləi-Sâdâtın iyirmi səkkizinci halqası olan Abdullah Dehləvi (q.s) Həzrətləri 1158-ci (M. 1745) ildə Hindistanın Pəncab vilayətinin Təbalə qəsəbəsində doğuldu. Nəsli Həzrəti Əliyə (k.v) çatır.
Mübarək sözlərindən
“Fəqirlikdə “fəqa”nın (yoxluğun) “fə”si, qənaətin “qaf”ı, riyazətin “ra”sı vardır. Bunların haqqını verən kimsə Allahın fəzlinin “fə”sinə, qürbəti-İlahinin (yaxınlığın) “qaf”ına, rəhməti-İlahinin “ra”sına nail olar. Əks halda fəzihatın (rüsvaylıq) “fə”si, qəhrin “qaf”ı və rəzilliyin “ra”sı vardır”.
“Bir gün şübhəli bir şey yedim. Şəmsuddin Həbibullah Həzrətlərini gördüm, qusmamı əmr edib: “Hər yerdən yemək caiz deyil”, – buyurdular.
Xəstələnməsi, vəfatı və qəbri-şərifləri
Abdullah Dehləvi Həzrətləri ölüm xəstəliyində olarkən babasil xəstəliyi şiddətləndi. O əsnada Ləknəvdə olan Əbu Said Həzrətlərinə öz yerinə keçmək üçün yanına gəlməsini təşviq edən qısa müddətdə bir çox məktub yazdı. Əbu Said Həzrətləri ailəsini tərk edib sürətlə gəldilər. Hüzuruna gəldiyində: “Sizinlə qarşılaşdığımda çox ağlamaq istəyirdim. Amma elə bir vaxtda gəldin ki, ağlamağa gücüm yox”, – buyurdular. Əbu Said Həzrətlərinə hörmət göstərdilər və ümumi irşad üçün xilafət verdilər.
Ölüm xəstəliyi hər şiddətləndikdə zikrə davam edilməsini, gözəl əxlaqlı olmağı, nisbəti möhkəmləndirməyi, gözəl davranmağı, İlahi qəza qarşısında “nə üçün belə oldu?” və ya “belə olsaydı” kimi sözlərlə etirazdan üz çevirməyi, qardaşlarla birlikdə olmağa çalışmanı, ibadət üçün təkliyi, qənaəti, rizanı, təslimiyyəti və təvəkkülü tövsiyə edərdi. Bu nəsihətlərini həm qələmlə yazdırar, həm də dili ilə söylərdi.
22 Səfər, 1240-cı (M. 1824) il, bazar ertəsi günü işraq vaxtı Əbu Said Həzrətlərinin tez bir zamanda hüzuruna gəlməsini istədi. Ona baxdı, ayaqlarını yığmış halda otururdu, başını Əbu Said Həzrətlərinin sinəsinə qoydu. Beləcə, vəfat etdilər. Yuyulub kəfənləndikdən sonra namazını Əbu Said Həzrətləri böyük bir camaat ilə qıldırdı. Bərəkətlənmək üçün Müqəddəs Əmanətlərin yanına qoyuldu. Sonra da Dehlidə ustadı Şəmsuddin Həbibullah Həzrətlərinin qəbrinin yanına dəfn edildi.