Hacə Muhamməd Bəhauddin Nəqşibənd (q.s)

Silsiləi-Sâdâtın on beşinci halqası olan Hacə Muhamməd Bəhauddin Nəqşibənd (q.s) Həzrətlərinin adı Muhamməd bin Muhamməd bin Muhamməd Bəhauddin Şah Nəqşibənd əl-Üveysi əl-Buxaridir. 718-ci (M. 1318) ildə Buxara yaxınlarında, daha sonra Qasri-Arifan adını alacaq olan Qasri-Hinduvan kəndində dünyaya gəldi. Seyyiddir, şərəfli nəsli İmam Cəfəri Sadiq Həzrətləri vasitəsilə Hz. Əliyə çatır. Ləqəbi “Bəlagərdan”dır.

Təhsili, intisabı və irşadı

Hələ kiçik bir uşaq olarkən Hacə Muhamməd Baba Səması (q.s) onu mənəvi övladlığa qəbul etmişdir. Şah Nəqşibənd Həzrətləri bu yolun ədəblərini zahirdə Hacə Seyyid Əmir Kilaldan (q.s) öyrənmişdir. Ancaq Şah Nəqşibənd Həzrətləri həqiqətdə və batində “Üveysi”dir. Onu Hacə Abdulxaliq Gücduvani (q.s) Həzrətlərinin ruhaniyyəti tərbiyə etmişdir.
Şah Nəqşibənd Həzrətləri Hənəfi məzhəbindəndir.
Hacəgan (quddisə sirruhum) silsiləsində Hacə Mahmud İncirfağnəvi Həzrətlərindən Seyyid Əmir Kilal (q.s) Həzrətlərinə qədər zikri-xəfi (qəlblə zikr) ilə zikri-alaniyyə (səsli zikr) cəm edilmiş, hər ikisi də icra edilmişdir. Onlara bu silsilədə “Alaniyyun” deyilir.
Şah Nəqşibənd Həzrətləri Hacə Abduxaliqin (q.s) ruhaniyyətinə intisab edib onun icazə və əmrləri ilə açıq zikri-alaniyyəni tamamilə tərk edib zikri-xəfi ilə məşğul oldular.
Zikri-xəfi müridlərin qəlbində böyük bir təsir buraxmışdır. Bu təsir nəqşə, zikr də bu təsiri (nəqşi) təyin etməyə yarayan bağa (bənd) bənzədilmişdir. Müridlərin qəlbinə heç çıxmayacaq şəkildə yerləşdirdiyi üçün ona “Nəqşibənd” deyilmişdir.
Digər bir rəvayətə görə Şah Nəqşibənd Həzrətlərinin atası nəqqaş idi. Özü də kiçik olarkən atasından bu peşəni öyrəndi. Daha sonra: “Bunun üçün yaradılmadın və sənə bu əmr olunmadı”, – deyə ilham olundu, zahiri nəqşi buraxıb həqiqi nəqşlə məşğul olduqları üçün “Nəqşibənd” deyilmişdir. Müridlərinin qəlbinə Allahu Təalanın məhəbbətini nəqş etdiyi üçün bu ləqəbin verildiyi də deyilmişdir.
Şah Nəqşibənd Həzrətlərinə mənsub olanlara Nəqşibəndi deyilmişdir. Cəmi “Nəqşibəndan”dır. Bu təriqətə də Nəqşibəndiyyə Təriqəti deyilmişdir.
Əmir Kilal Həzrətləri bütün müridlərinin hüzurunda ona təvəccüh edib belə buyurmuşlar:
“Övladım Bəhauddin! Hacə Muhamməd Baba Səması Həzrətlərinin sizin haqqınızdakı əmrlərini yerinə yetirdim. Mənə buyurmuşdular ki: “Səni necə tərbiyə etdimsə, sən də oğlum Bəhauddini elə tərbiyə et. Bu məsələdə əsla xəta etmə”. Mən də eynilə buyurduğu kimi etdim”. Mübarək sadrını işarə edib demişlər ki: “Sənin üçün sadrımı qurutdum…”.

Mübarək sözlərindən

Şah Nəqşibənd (q.s) Həzrətləri Rəsulullah Əfəndimizin (s.a.v): “İnsanların səndən görmələrini istəmədiyin bir şeyi tək olarkən də etmə!” hədisi-şəriflərini belə şərh etmişdir: “Haqq yolçusunun boş və tək olduğu yerləri dolu olaraq görməsi lazımdır. İnsanların yanında necə hərəkət edirsə, tək olarkən də elə hərəkət etməlidir”.
“Bizim yolumuz əndər (nadir) olan yollardandır. Möhkəm halqadır. Rəsulullah Əfəndimizin (s.a.v) sünnəti-səniyyəsinə sarılmaqdan, Səhabəi-Kiramın getdiyi yolu getməkdən başqa bir şey deyildir”.
“Dostlarımızın ayıbına baxacaq olsaq, dostsuz qalarıq. Çünki heç kim bəşəri sifətlərdən (ayıb və qüsurlardan) təmizlənə¬ bilməz…”.

Vəfatı və qəbri-şərifləri

Həzrəti Hacə Aləuddin Attar (q.s) buyurdular: “Hacə Həzrətlərinin vəfatı zamanında Yasini-Şərif oxumağa başladım. Yarısına çatdığımda nur görünməyə başladı. Kəlməi-tövhidlə məşğul olduqdan sonra son nəfəslərini verdilər”.
Şah Nəqşibənd Həzrətləri doğulduğu kənd olan Qasri-Hinduvanda 3 Rəbiuləvvəl, 791-ci (M. 1389) il, bazar ertəsi günü vəfat etdilər və bura dəfn edildilər. Vəfat etdiklərində yetmiş üç yaşını tamamlayıb yetmiş dörd yaşına girmişdilər. Qəbri-şərifləri hazırda Buxaranın Bəhauddin kəndindədir.