Hacə Əli Ramitini (q.s)

Silsiləi-Sâdâtın on ikinci halqası olan Hacə Əli Ramitini (q.s) Həzrətləri, Buxara yaxınlarındakı Ramitində doğuldu. Ləqəbi “Azizan”dır. Əli Ramitini Həzrətlərinə toxuculuqla məşğul olduğu üçün Hacə Nəssac da deyilirdi. Dini elmləri mükəmməl bir şəkildə öyrəndikdən sonra Mahmud İncirfağnəvi Həzrətlərinə intisab etdi. Ustadı İncirfağnəvi Həzrətləri vəfatı yaxınlaşdıqda irşad vəzifəsini Əli Ramitiniyə (q.s) əmanət edib digər müridlərini də ona həvalə etdilər.

Mübarək sözlərindən

“Müridin yüksək mərtəbələrə çata bilməsi üçün riyazət və mücahədədən başqa bir yol daha vardır. Bu yol vasitəsilə məqsədə sürətlə çatması mümkündür. O yol da budur: Gözəl əxlaqla və ya ona layiq bir xidmətlə mürşidi-kamillərin könlünə girməkdir. Çünki bu Ali Təriqətin qəlbi Allahu Təalanın nəzərgahıdır. Orada olanlara da, əlbəttə, İlahi nəzər çatar”.
“İnsan əməl etməli, lakin buna baxmayaraq heç bir şey etmədiyinə və etdiyi əməldə qüsur və nöqsanlar olduğuna inanmalı və təkrar əməl etməyə başlamalıdır”.
“İki vaxtda özünüzü qoruyun: Biri danışma anında, digəri də yemək anında”.

Vəfatı və qəbri-şərifləri

Hacə Azizan Həzrətləri 721-ci (M. 1321) ilin Zilqadə ayında yüz otuz yaşında vəfat etdilər. Qəbri-şərifləri hazırda Buxaranın Ramitan mahalının Dəcha kəndindədir. Türbəsinin yanında tuğu hələ də mövcuddur.