Əş-Şeyx Əbu’l-Faruq Süleyman Hilmi (Q.S) (SİLİSTRƏVİ)

Əbu’l-Faruq Süleyman Hilmi Tunahan (SİLİSTRƏVİ) quddisə sirruh Əfəndi Həzrətləri 1888-ci (Hicri 1305, Rumi 1304) ildə -bu gün Bolqarıstanın sərhədləri daxilində qalan- Silistrənin Hezarqrad qəsəbəsinin Fərhadlar Kəndində dünyaya gəldilər. Atası Xocazadə Osman Fevzi Əfəndi (1845-1928) təhsilini İstanbulda tamamlamış və Silistrənin Satırlı Mədrəsəsində illərlə müdərrislik etmiş məşhur bir dərsiamdır. Anasının adı Xədicə Xanımdır. Babası isə Kaymak Hafiz adı ilə məşhur bir şəxs olub, 110 yaşına yaxın vəfat etmiş Mahmud Əfəndidir.

Xocazadələr olaraq bilinən bu əsl-nəcabətli ailənin cəddi Seyid İdris bəyə gedib çıxır. İdris bəy o kimsədir ki, Fateh Sultan Mehmed Xan tərəfindən Tuna Xanı təyin edilmiş və üstəlik Fateh Sultan Mehmed Xan öz bacısını onunla evləndirmişdir. Atası Osman Əfəndi İstanbulda təhsilinə davam edərkən diqqətə şayan bir yuxu görmüşdür. Yuxusunda vücudundan qopan bir parçanın səmaya çıxıb dünyaya işıq saçdığını görür. Yuxusunu “nəslindən gələcək bir övladının dünyanı mənən işıqlandıracağı” şəklində təbir edir. Silistrəyə qayıtdıqdan sonra evlənir. Dünyaya gələn Fəhim, Süleyman Hilmi, İbrahim və Xəlil adındakı dörd oğlundan yuxunun təbirinə uyğun gələn istedadı Süleyman Hilmidə görür. Onun yetişməsi üçün xüsusi bir qayğı göstərir.

Süleyman Əfəndi Həzrətləri (q.s) ilk təhsilini 1902-ci ildə Silistrə Rüşdiyyəsində və Satırlı Mədrəsəsində alır. Daha sonra təhsilini tamamlamaq üçün atası tərəfindən 1907-ci ildə İstanbula göndərilir. Atası onu İstanbula göndərərkən bunu tövsiyə etmişdi: “Oğlum, Üsuli-Fiqh elminə yaxşı çalışarsan, dinində qüvvətli olarsan. Məntiq elminə yaxşı çalışarsan, elmində qüvvətli olarsan”.

İstanbulda Fateh Dərsiamlarından və dövrün məşhur alimlərindən Bafralı Əhməd Həmdi Əfəndinin dərs halqasına oturdu və 1913-cü ildə ondan birinciliklə icazət aldı.

1916-cı ildə Daru’l-Xilafəti’l-Aliyyə Mədrəsələri, Qismi-Ali (Sahn) Mədrəsəsini bitirdikdən sonra eyni il ixtisas (doktorluq) artırmaq üçün tədrisatı 3 il olan Mədrəsətü’l-Mütəxassisinin (Süleymaniyyə Mədrəsəsi) Təfsir və Hədis şöbəsinə daxil oldu.

Mədrəsətü’l-Mütəxassisinin ilk iki ilini müvəffəqiyyətlə tamamladıqdan sonra 1918-ci ildə iyirmi yoldaşı ilə birlikdə özlərinə -Şeyxülislamlıq məqamının təklifi və Padşah Mehmed Vahiduddin Xanın təsdiqi ilə- İstanbul Müdərrisliyi Ruusu verildi. 1919-cu ildə Mədrəsətü’l-Mütəxassisinin təfsir və hədis şöbələrindən birinci dərəcə ilə məzun oldu.

Mədrəsətü’l-Mütəxassisindən məzun olduqdan sonra Mədrəsətü’l-Quzata (Hüquq Fakültəsi) da qəbul imtahanını birinciliklə qazandılar. Lakin bunu böyük bir sevinc ilə atasına məktubla bildirdiyi zaman atasından bu teleqrafı aldı:

“Süleyman, mən səni cəhənnəmə göndərmək üçün İstanbula göndərmədim”.

Atası bu teleqraf ilə ona Peyğəmbər Əfəndimizin (s.a.v), “Üç qazıdan ikisi cəhənnəmdədir” məalındakı Hədisi-Şəriflərini xatırladırdılar.

Süleyman Əfəndi Həzrətləri (q.s) atasına verdiyi cavabda, “Özünün əsla qazılıq (hakimlik) peşəsinə sülük etməyə (keçməyə) niyyəti olmadığını, əsl məqsədinin dövrün bütün zahiri din elmləri sahəsində kamilləşmək olduğunu” bildirdi və Süleymaniyyə Mədrəsəsinin Təfsir və Hədis qismindən diplomunu alıb Dərsiam olduğu kimi, Mədrəsətü’l-Quzatdan da məzun olub qazılıq rütbəsini aldılar. Beləliklə, dövrünün əqli və nəqli elmlərində ən yüksək dərəcəni qazanmış oldular.

Əzəli təqdir olaraq Silsiləi-Sâdâtın 33-cü və son halqası özlərinin nəsibi olduğundan, Seyyidlər zəncirinin 32-ci halqası Saləhuddin İbni Mövlana Siracuddin (q.s) Həzrətlərində mənəvi seyri-sülukünü tamamladıqdan sonra təcəlliyatın böyüklüyündən ustadı özlərini İmam Rəbbani Mücəddidi-Əlfi-sani Əhmədi-Faruqi Sərhəndi (q.s) Həzrətlərinin nisbəti-ruhaniyyəsinə təslim etdilər.

Dünyanın bu son zamanlarında İlahi feyzdən nəsibləri olan insanları yüksək himmətləri ilə küfr və dəlalət çuxurundan iman və ixlas sahəsinə çıxardılar. Hələ də çıxarmaqdadırlar.

Süleyman Hilmi Tunahan (q.s) Əfəndi Həzrətləri 16 Sentyabr 1959-cu il (13 Rəbiuləvvəl 1379), Çərşənbə günü dari-bəqaya irtihal buyurdular. (Qaddəsallâhu sirrahu’l-əaz) Ancaq tasarruf və irşadları tamamilə və kamil bir şəkildə davam edir. Cənabı Haqq sevənlərini və bütün möminləri şəfaətlərinə nail etsin. (Amin)