Təhsil Həyatı

Süleyman Əfəndi Həzrətləri (q.s) ilk təhsilini 1902-ci (Rumi 1318) ildə Silistrə Rüşdiyyə Məktəbində tamamlayır. Eyni il Silistrədə olan Satırlı Mədrəsəsində oxumağa başlayaraq burada təməl Ərəbi elmləri öyrənir. Daha sonra təhsilini tamamlamaq üçün atası tərəfindən 1907-ci ildə İstanbula göndərilir. Atası onu İstanbula göndərərkən bunu tövsiyə edir:

“Oğlum, üsuli-fiqh elminə yaxşı çalışsan, dinində qüvvətli olarsan. Məntiq elminə yaxşı çalışsan, elmində qüvvətli olarsan”.

Süleyman Əfəndi Həzrətləri (q.s) İstanbulda Fateh dərsiamlarından və dövrün məşhur alimlərindən Bafralı Əhməd Həmdi Əfəndinin dərs halqasına qatılır. Bu illərdə yenə Fatehdə olan Hafiz Əhməd Paşa Mədrəsəsində qalır. Dərsləri isə Fateh Mədrəsələrindən (Sahnı Səman) olan Bahrı-Səfid Ciftə Baş Kurşunluda oxuyur. Əhməd Həmdi Əfəndidən bütün dərsləri öyrənib 1913-cü ildə birinciliklə icazət alır.

1914-cü ilin oktyabr ayında (Təşrini-əvvəl 1330) tədrisata başlayan Daru’l-Xilafəti’l-Aliyyə Mədrəsəsi Qismi-Aliyə daxil olub birinci və ikinci sinifləri imtahanla keçərək üçüncü sinifdən oxumağa başlayır. Buradan 1916-cı ildə (sentyabr 1332) məzun olur. (Üçüncü və dördüncü sinifləri Fateh Mədrəsələrində fəaliyyət göstərən dörd illik Qismi-Alinin adı 1917-ci ildə Sahn olaraq dəyişdirilmişdir).

30 sentyabr 1916-cı ildə ixtisas artırmaq (doktorluq müdafiə etmək) üçün tədrisatı üç il olan Mədrəsətü’l-Mütəxassisinin “Təfsir və Hədis” şöbəsinə daxil olur. (Fatehdə Yavuz Sultan Səlim Camisi yanında Abdulhamidi-Əvvəl Mədrəsəsində fəaliyyət göstərən Mütəxassisin Mədrəsəsinin adı 1917-ci ildə Süleymaniyyə Mədrəsəsi olaraq dəyişdirilmişdir).

İlk iki ili müvəffəqiyyətlə tamamladıqdan sonra 1918-ci (1334) ildə iyirmi yoldaşı ilə birlikdə özlərinə Şeyxülislamlıq məqamının təklifi və Padşah Mehmed Vahiduddin Xanın fərmanı ilə İstanbul Müdərrisliyi Ruusu verilir və dərsiam olur. Əbu’l-Faruq Süleyman Hilmi TUNAHAN (Q.S.) (SİLİSTRƏVİ) Həzrətləri 27 may 1919-cu ildə Süleymaniyyə (Mədrəsətül-Mütəxassisin) Mədrəsəsinin “Təfsir və Hədis” şöbəsindən birinci dərəcə ilə məzun olur.

Mədrəsətü’l-Mütəxassisindən məzun olduqdan sonra Mədrəsətü’l-Quzata (Hüquq fakültəsinə) da qəbul imtahanını birinciliklə qazanır. Lakin bunu böyük bir sevinc ilə atasına məktubla bildirdiyi zaman atasından bu teleqrafı alır:

“Süleyman, mən səni cəhənnəmə göndərmək üçün İstanbula göndərmədim”.

Atası bu teleqraf ilə ona Peyğəmbər Əfəndimizin (s.a.v): “Üç qazıdan ikisi cəhənnəmdədir” (Sünəni-Tirmizi) hədisi-şəriflərini xatırlatmışdılar.

Süleyman Əfəndi Həzrətləri (q.s) atasına verdiyi cavabda, “Özünün əsla qazılıq (hakimlik) peşəsinə gir-məyə niyyətli olmadığını, məqsədinin dövrünün bütün zahiri din elmləri sahəsində kamilləşmək olduğunu” bildirirlər və Mədrəsi-Süleymaniyyənin “Təfsir və Hədis” şöbəsindən diplom alıb dərsiam olurlar. Tədrisatı 4 il olan Mədrəsətü’l-Quzatdan da məzun olub qazılıq rütbəsini alırlar. Beləliklə, dövrünün əqli və nəqli elmlərində ən yüksək dərəcəni qazanmışlar.

Süleyman Əfəndi Həzrətləri ayrıca astronomiyanı da öyrənmişdir.

Özlərinin Daru’l-Xilafəti’l-Aliyyə Mədrəsəsinin Ali Qisminin Üçüncü Sinifində oxuduğu dərslər və qeydləri belədir:

  • Təfsiri-Şərif: 10
  • Hədisi-Şərif: 10
  • Elmi-Fiqh: 9
  • Üsuli-fiqh: 10
  • Xilafiyyat (Müqayisəli İslam Hüq.): 10
  • Elmi-Kəlam: 10
  • Fəlsəfə: 10
  • Hüquq və Qavanin: 9
  • Ədəbiyyatı-Ərəbiyyə: 10
  • Yekun: 88

27 may 1919-cu il (14 may 1335) tarixində məzun olduğu Süleymaniyyə Mədrəsəsinin son sinifində oxuduğu dərslər və qeydləri belədir:

  • Təfsiri-Şərif: 10
  • Üsuli-Hədis və Nəqdi-Rical: 10
  • Hədisi-Şərif: 10
  • Tabaqatı-Qurra və Müfəssirin: 10
  • Risalə (Doktorluq Dissertasiyası): 9 + 2/7
  • Ədədi-vasat (ortalama): 9 + 9/14

Həmçinin Mədrəsətü’l-Quzatdan aldığı diplomda oxuyub imtahan verdiyi dərslərdən bəziləri bunlardır:

  • Roma Hüququ
  • Saqqı-Şəri
  • Ticarəti-Bərriyə Hüququ
  • Ticarəti-Bahriyyə Hüququ
  • Hüquqi-Düvəl və s.